Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Valideyn-Uşaq Simbiozu

Valideyn-Uşaq Simbiozu

Valideynlərin çətinlik çəkdiyi mövzulardan biri də, uşaqların ata-anaya hədsiz bağlılığıdır. Xüsusən analar uşaqla çox vaxt keçirdiyi üçün bu hala ana-uşaq münasibətində daha çox təsadüf edilir. Bu ana-uşaq simbiozu adlanır. Belə olduqda ana evdən çıxa bilmir, çıxsa da uşaq ağladığı üçün məcbur qalıb onu da özüylə aparır. Bu hallar, nəinki  balaca uşaqlarda, hətta evdə sərbəst qala biləcək 8-9 yaşlı uşaqlarda da təsadüf olunur. Uşaq aqressiv davranır, ağlayır, valideyn getməsin deyə israrçı davranış sərgiləyir. Valideyn çox müqavimət göstərsə, reaksiya versə bu hal ağır isterik davranış pozuntusuna da çevrilə bilir. Zaman keçdikcə bu özünü uşaqda daxili gərginlik, yuxu pozulmaları şəklində göstərə bilir. Belə hallar uşaqda simbiozun olması siqnalını verir.

Simbiozun müxtəlif formaları var: müəllim-uşaq, nənə-uşaq, valideyn-uşaq və s. Bu dönəmdə uşaqda  sanki özgüvən formalaşmır və o davamlı yanında kiminsə olmasına ehtiyac duyur, dəstək gözləyir. Bir çox əməliyyatlar keçirən, travma alan, gec dünyaya gələn və xroniki xəstəlikləri olan uşaqlarda  simbiotik hallar daha çox müşahidə olunur. Belə hallarda valideynlərin qoruma hissi artmağa başlayır və uşaqlara daha çox məhəbbət verməyə başlayırlar. Bu davranışlar da uşaqlarda özgüvənin formalaşmasına maneə olur və nəticədə simbiotik halların yaranmasına gətirib çıxarır. Simbioz uşaqların sosiallaşmasında, bağça eləcə də, məktəb həyatında problemlərin yaranmasına səbəb olur. Simbiotik uşaqlarda təsadüf edilən hallardan biri də, ailədə çox sevilən, lakin vəfat edən kiminsə adının qoyulmasıdır. Məsələn: baba dünyasını dəyişib və onun adını yeni doğulan körpəyə qoyublar. Bu zaman da valideynlər uşağa qarşı hədindən çox sevgi və bağlılıq göstərir. Bundan əlavə itirmə qorxusu olan ailələrdə, mütəmadi olaraq həyəcan-təşviş pozuntusu yaşayan valideynlər də simbiotik tiplərə aid edilir.Bütün bunlar uşağın, nəinki psixi inkişafına, həm də, emosional inkişafına mənfi təsir edir. Simbiotik uşaqlarda selektiv mutizmə də təsadüf olunur. Belə olduqda uşaqda seçici nitq yaranır, məsələn: ana-ata və ya nənə-baba ilə danışır, ancaq qohumlarla və ya kənardan heç kimlə ünsiyyət qurmur, danışmır. Həmçinin bu uşaqlarda özgüvən, bağlılıq hissi formalaşmadığı üçün zamanla məsuliyyət hissi də yaranmır. Bunlarla yanaşı öz əşyalarına qarşı səliqəsiz davranırlar, geyimlərini davamlı kiminsə geyindirməsinə ehtiyac duyurlar. Bilirik ki, 3 yaşında uşaqda “mənlik duyğusu” formalaşmağa başlayır. Bütün bunlar belə bir dönəmdə onun psixologiyasına zədələr vurur. Bu periodda valideynlər. xüsusən analar yaş yarımına qədər uşaqlarla emosional ünsiyyətdə olmalıdırlar. Artıq yaş yarımından sonra uşaq yeriməyə başladıqda psixi və nitqi inkişafı normal gedirsə, analar onları müəyyən dərəcədə sərbəst buraxmalı və zamanla məsuliyyətlər verməlidirlər. Bu gələcəkdə onların psixi, sosial inkişafı , eləcə də yuxu, yemək və özünə baxmaq kimi vərdişlərinin, bacarıqlarının formalaşmasına müsbət mənada təsir edəcək.

3-7 yaş arası simbiozu korreksiya etmək kifayət qədər asandır. Ancaq bu yaş aralığından sonra müraciət edən pasientlərlə iş olduqca çətinləşir. Bu hallarda psixoloq həm valideynlərlə, həm də uşaqlarla işləməli, fərdlər ümumilikdə ailə psixoloqu tərəfindən terapiya görməlidir.

Simbioz sadə görünsə də, vaxtında korreksiya edilməsə irəli yaşlarda, yeniyetməlik dövründə və ailə həyatında təsirləri hiss olunacaq bir pozuntu halına gələcəkdir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!