Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova Sia.az saytına “Evlilik öncəsi psixoloji hazırlıq diqqət edilməsi nüansdır” mövzusunda müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.
“ Evlilik ümumiyyətlə çox məsuliyyətli bir qərardır. Mental dəyərlərimizə əsasən çox zaman kişi qadından ən azı 3-4 yaş böyük olması arzu olunan haldır. Ancaq, əslində insanın fizioloji yaşı deyil, psixoloji yaşı əsas götürülməlidir. Digər nöqteyi-nəzərdən yanaşsaq evlilikdə insanın psixoloji yaşı ilə bərabər emosianal, intellektual yaşı da vacib məsələdir. Məsələn elə insan var ki, 30 yaşı var, ancaq biz onun zəka yaşını yoxlasaq 20-22 yaşında olduğunu görərik. Bu onun yaşam tərzində də özünü göstərəcək, belə ki, ətrafında baş verən hadisələrə, evliliyə, ailə münasibətlərinə o 30 yaşlı bir insanın düşüncəsi ilə deyil, 20 yaşlı insanın baxış bucağı ilə yanaşacaq. Bu səbəbdən də qeyd etmək istəyirəm ki, evlilik öncəsi psixoloji hazırlıq diqqət edilməsi nüansdır.Belə ki, insanların bu münasibətə başlamamışdan əvvəl və ya evlilik öncəsi psixoloji müayinədən keçməsi əsas şərtlərdən biri kimi göstərilir. Cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına müsbət mənada təsir göstərə bilər. Cütlüklər arasında yaş fərqi kifayət qədər çox olan ailələrdə uğurlu münasibətin olduğu halına da rast gəlirik. Məsələn fizioloji olaraq fərdlər arasında 10 yaş fərq olsa da, biz onların intellektual(İQ) və emosional(EQ) yaşlarını yoxlayanda bu yaşlarının bir-birinə çox yaxın olduğunun şahidi ola bilərik. Eyni zamanda elə cütlük də olur ki, xanım bəydən yaşca böyükdür, ancaq qeyd etditiyim kimi, biz onların emosianal və düşüncə yaşlarını yoxladıqda burada elə də ciddi bir fərq ortaya çıxmır.
Tibbi baxımdan yanaşsaq həkimlərin tövsiyəsi ilə fizioloji olaraq, qadının kişidən bir neçə yaş kiçik olması daha məqsədəuğyun hesab edilir. Çünki qadınlarda fizioloji olaraq dəyişikliklər baş verir və bu da irəli yaşlarda onların ana olmağına maneə olar bilər. Ancaq yenidən vurğulamaq istəyirəm ki, burada fərdlərin psixoloji vəziyyəti, emosional və intellektual yaşları vacib məsələdir. Ancaq, onu da bildirmək lazımdır ki, son dövrlərdə bu yaş fərqinə diqqət edilmir. Amma, qadınlarda istər psixoloji, istərsə də fizioloji olaraq cinsi yetişkənlik dövrü daha tez başlayır. Ona görə də 18 və ya 20 yaşındakı bir qızla 20 yaşındakı bir oğlanın baxış bucağı, düşüncə tərzi arasında xeyli fərqlər olur. Bu yaşda qadınlarda ana belə olmasa, artıq analıq duyğusu formalaşmağa başlayır. Ona görə də ortastatik evlilik yaşı 23-24 yaş civarında qeyd olunur. Yeniyetməlik yaşı isə artıq, 21 yaşa qədər uzadılıb. Ona görə də yaxşı olar ki, 21 yaşını, öz şəxsi inkişafını, yeniyetməlik yaşını tamamlayandan sonra münasibətlər qurulsun. Kifayət qədər insan var ki, irəli yaşdadır, məsələn: 40 yaşı var, ancaq ailə həyatı qurmayıb və istəmir. Belə insanlar, özünü psixoloji cəhətdən o münasibətə hazır hiss etmir və ya ailənin məsuliyyətini üzərinə götürmək istəmir. Belə insanları da günahlandırmaq doğru deyil, əksinə onları anlamağa çalışmalıyıq.
Son olaraq qeyd etmək istəyirəm ki, ailə kiçik bir dövlətdir və çalışmalıyıq ki, onun təməlləri möhkəm olsun. Bu da ancaq sevgi, bir-birini anlama, sevərək olduğu kimi qəbul etmək və qarşılıqlı hörmət şəklində ola bilər. Belə ailələrin təməlləri sağlam, münasibətləri uzun ömürlü olur. Xoşbəxt ailələrimizin sayı çox olsun”
Müəllif-Səbinə Hüseyinova