Cəmiyyətdə müxtəlif kateqoriyalı insanlar, eləcə də yeniyetmələr arasında ən aktual problemlərdən biri də sosial fobiya ilə bağlıdır. Siz də, çox insan olan yerdə özünüzü narahat hiss edirsinizsə, kollektiv içərisində yemək yeyərkən sanki hər kəsin sizə baxdığını fikirləşərək utanırsınızsa, xüsusən tanımadığınız insanların əhatəsində çəkinirsinizsə və ictimai nəqliyyatda narahatlıq keçirirsinizsə, deməli siz də sosial fobiyadan əziyyət çəkirsiniz. Bəs bundan qurtulmağın bir yolu varmı?
Əvvəla, bildirmək lazımdır ki, sosial fobiya birdən-birə meydana çıxmır. Onun ilk cücərtiləri yeniyetməlik dövründə, hətta kiçik yaşlarda özünü göstərməyə başlayır. Stessə davamı az olan, özgüvəni əskik olan, həyacan-təşviş pozuntusu yaşayan və emosional şəxsiyyət xüsusiyyətlərində sosial fobiya daha çox müşahidə olunur. Sosial fobiyası olan insanlar göz kontaktı qurmaqdan, uzun müddət ünsiyyət qurmaqdan çəkinir, fikirlərini söyləyərkən çox vaxt həyəcanlı olurlar, cümlələrini qırıq-qırıq ifadə edirlər. Sosial fobiya vaxtında aşkarlanıb korreksiya edilməzsə gələcəkdə daha da xroniki bir vəziyyət alıb fobik nevroza, bərabərində zərərli vərdişlərə və depressiyalara gətirib çıxara bilər. Belə ki, statistikaya nəzər salsaq görərik ki, içki, qumar və digər zərərli aludəçiliyi olan insanlarda sosial fobiya sıx müşahidə olunur. Burada xüsusilə içki aludəçiliyi olan insanları vurğulamaq lazımdır ki, onlar içki qəbul etdikdə özlərini rahat və xoşbəxt hiss edirlər və bir müddətlik də olsa onlarda sosial fobiya əlamətləri itir. Beləcə, onlar bundan sonra daha çox içki qəbul etməyə başlayırlar ki, bu da onların sağlamlığına ziyan vurur. Ancaq bunlar təbii ki, düzgün çıxış yolu deyil və bir müddət sonra eyni proseslər təkrarən yaşanmağa başlayır.
Sosial fobiyalı insanların həyəcanları və təşvişləri həm də, sevinc, kədər və s. hisslərini də ifadə etməkdə çətinlik yaradır, onları davamlı neqativ düşünməyə sövq edir. Zamanla sosoial fobiyası dərinləşən insanlarda özünə qapanma halları, yuxu rejiminin, qidalanmanın pozulması onun bərabərində daxili gərginlik də tez-tez müşahidə olunan faktorlardandır. Həmçinin, sosial fobiya əlamətləri travma və ya yaxınını itirmə hallarından, yeniyetməlik dönəminə keçid etdikdən sonra da özünü göstərə bilir.
Sosial fobiyanı yaradan digər əlamətlərdən biri də ailədən başlayır. Belə ki, valideynlərin davamlı övladını tənqid etməsi, bəyənməməsi və bunu uyğun bir dillə ifadə etməmələri də nəticədə yeniyetmələrdə sosial fobiyanın yaranmasına gətirib çıxara bilər. Məsələn: “saçların çox pisdir!”, ”çox kilolu görünürsən!”, “çox arıqsan əyininə paltar yaraşmır” və s. şəkildə kobud ifadələrlə, uyğun olmayan bir dillə ifadə etmək onlarda belə problemlərin yaranmasına və özləri haqqında davamlı mənfi düşünməyə gətirib çıxarır. Bununla övladında motivasiya yaratmaq istəyən valideynlər əslində yanlış yol seçirlər və bununla da uşaqlarda komplekslər yaranmağa başlayır. Sosial fobiyanın üzə çıxmasında həmçinin irsiyyət faktorunun da rolu vardır. Belə ki, bəzi zamanlarda sosial fobiyalı uşaqlara nəzər saldıqda onların ata və ya analarında da bu problemi görə bilərik.
Bu zaman çıxış yolu kimi nə etmək lazımdır?- Sosial fobiyanın əsas çıxış yollarından biri vaxtında korreksiya etmək, məsələnin kökünü araşdırmaq və psixoloq tərəfindən uşağın özgüvən problemi üzərində işləməkdir. Digər vacib nüanslardan biri belə uşaqları zamanla ətrafı, yaşıdları ilə ünsiyyətə cəlb etmək və cəmiyyətə adaptasiyasına kömək olmaqdır.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova