“ Uşağım hiperaktivdir, nə edə bilərəm ?”

Valideynlər çox zaman övladlarının hiperaktiv olduğundan şikayətlənir və bu mövzu ilə bağlı tez-tez müraciətlər olur. Onlar belə suallar ünvanlayırlar: “ Uşağım hiperaktivdir, bu patalogiya hesab edilirmi?” , “ Hiperaktiv övladım var, necə davrana, nə edə bilərəm?”, “ Övladımda hiperaktivlik var, bununla bağlı psixoloqamı, psixoterapevtəmi müraciət etməliyəm?”

Əvvəcə onu bildirmək lazımdır ki, bir uşağa hiperaktivlik sindromu diaqnozu qoyulması üçün onun nevroloq və psixoterapevt müayinəsindən keçməsi vacibdir. Çünki, hiperaktivlik uşaqlarda konsentrasiya bacarıqlarının zəifləməsi, davranış çətinliyinin yaranması, qavramanın, diqqətin zəifləməsi və s. kimi problemlərin yaranmasına gətirib çıxarır. Əlavə olaraq qeyd etməliyik ki, hər dəcəl uşaq hiperaktiv deyil. Hiperaktivlik sindromu müəyyən yaşdan sonra rast gəlinən və ortaya çıxan bir sindrom deyil.

Bəzən valideynlər sosial şəbəkərdən və ya qeyri-dəqiq məlumatlara əsasən dəcəl övladlarına hiperaktivlik sindromu diaqnozu qoyurlar ki, bu da düzgün yanaşma üsulu deyil. Bunu qeyd etdiyimiz kimi, mütəxəssis müayinə etdikdən sonra qərar verə bilər. Peşəkar mütəxəssis dəstəyi sayəsində 2-6 ay arası aparılan seanslarla çox uğurlu  nəticələr əldə etmək mümkündür.

Məktəbdə də belə uşaqlar daim müəllim nəzarətində olmalı, məsuliyyət hissi aşılanmalı ,ön sıralarda oturdulmalı və 15 dəqiqədən bir tapşırıqlar verilməli və dərsə təşviq edilməlidir. Eyni zamanda onlara qarşı anlayış göstərmək də önəmli nüanslardan birini təşkil edir.

Ümumiyyətlə hiperaktivlik 3 əsas əlamətinə görə xarakterizə edilir

  1. Yüksək hərəkətlilik
  2. İmpulsivlik
  3. Diqqət defisiti

Hiperaktiv qız uşaqları oğlanlara nisbətən daha az hərəkətli və aktiv olurlar. Oğlanlarda əşyalara qarşı dağınıq, etik qaydalara uyğun olmayan davranışlar sərgiləmək, səliqəsizlik, şəxsi baxımlarına qarşı laqeyidlik və s. kimi hallar daha çox müşahidə olunur. Belə uşaqları elektronik cihazlardan uzaq tutmaq lazımdır, çünki elektron cihazlardan çox isifadə edilməsi onlarda hiperaktivliyin daha da artmasına səbəb ola bilər. Eyni zamanda onların enerji içkiləri və bədən ətalətini artıracaq qidalardan da az istifadə etmələri tövsiyə olunur. Bundan başqa hiperaktiv uşaqlarda davranış pozuntularına da tez-tez rast gəlinir. Onlar adətən əvvəlcə ilk ağıllarına gələn hər hansı hərəkəti edib, sonra düşünürlər, yəni etdikləri hərəkətlərin nəticələrini əvvəlcədən düşünüb, analiz etmək qabiliyyətləri yoxdur. Bu kimi səbəblərə görə belə uşaqlar həmişə ətrafda, cəmiyyətdə qınanılır. Ancaq bu da düzgün deyil, çünki bu tip reaksiyalar gələcəkdə onlarda özgüvənsizlik, və uğursuz bir obrazın yaranmasına səbəb olur. Yeniyetməlik dönəmində isə bu ağır davranış pozuntuları ilə əvəz oluna bilir. Bütün bunların baş verməməsi üçün valideynlər diqqətli olmalı, hiperaktiv uşağı varsa bu problemi gözardı etmədən vaxtında psixoloqa müraciət etməli və bu problem korreksiya edilməlidir. Beləcə, psixoloq yardımı ilə zamanla uşaqlarda düşünmə mexanizmi formalaşmağa başlayır ki, artıq onlar düşünüb sonra tətbiq etməyə, hərəkət etməyə başlayırlar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!