“Uşaqlarda həkim qorxusu”

Valideynləri narahat edən məsələlərdən biri də, övladlarında xüsusən də azyaşlı uşaqlarda olan həkim qorxusudur. Bu mövzu ilə bağlı mütəmadi olaraq psixoloqlara suallar ünvanlanır. Onlar “Uşağımda iynə fobiyası var və həkimə getmək istəmir” , “Övladımda xəstəxanaya, həkimə qarşı qorxu var və həyəcanlanır” və ya “Övladımdakı həkim, iynə fobiyasını onun psixologiyasına mənfi təsir etmədən necə düzəldə bilərik?” kimi suallarla müraciət edirlər.

Bildirmək lazımdır ki, uşaqlar kiçik yaşlardan, məktəb, bağça, polis, həkim və s.kimi anlayışları başa düşmürlər və yalnız onlara təqdim edilən formada qavrayırlar. Uşaq həkimdən qorxursa onun ya həkimlə bağlı bir travması var, ya da, həkim, xəstaxana anlayışı ona qorxulacaq bir şeylər kimi aşılanıb. Məsələn, valideynlər uşağa “əgər yeməyini yeməsən, səni həkim gəlib aparacaq” və ya “ dəcəllik etsən, xəstəxanada sənə həkim iynə vuracaq” və s. kimi cümlələr ünvanlasa onlarda zamanla həkimə, xəstəxanaya qarşı fobiya yaranmağa başlayacaqdır. Bu fobiya onlarda müəyyən zaman sonra həkimləri sevməmə və onlara inanamama düşüncəsinə də çevriləcək. Uşaq yaşlarından həkimdən qorxan insanlar böyüdükdə həkimlərə və onların fəaliyyətlərinə şübhəli yanaşacaqdır. Ona görə də belə problemlərə kiçik baxmaq və gözardı etmək olmaz. Zamanında belə uşaqları peşəkar psixoloqa yönləndirmək və bu fobiyası üçün terapiya etdirmək vacib məsələdir.

Ümumiyyətlə uşaqlar doğulandan 1 yaş, yaş yarımına qədər qeydiyyatda olduqları poliklinikalarda sahə həkimi, pediatr tərəfindən müayinə olunmalıdır. Bu yaş müddətindən sonra isə uşaqların 6 aydan bir pedatrik, stomotoloji və digər müayinələrdən keçməsi önəmlidir. Uşaq ancaq xəstələnəndə deyil, müayinə məqsədi ilə normal vaxtda da həkimə gedildiyini görsə onda bu qorxu da onlarda yaranmaz. Xəstələnənəndə və səhhətində problem olduqda həkimə aparılan uşaqlar bütün mənfi emosiyalarını, narahatlıqlarını “ağ xalatlı insanların” üzərinə köçürürlər və beləcə onlarda bu qorxu daha da artmağa başlayır. Ancaq ayda bir dəfə və ya altı aydan bir mütəmadi həkim müayinəsindən keçən uşaqlarda bu qorxu formalaşmayacaqdır. Bundan əlavə valideynlər uşaqlara həkimlərin də bizim kimi normal insanlar olduğunu, insanlara kömək etdiyini, onları ağır xəstəliklərdən sağaltdığını və s. kimi fikirləri aşılamalıdırlar. Bunlar da uşaqlardakı həkim qorxusunun azalmasına səbəb olacaqdır.

Bildiyiniz və ya bilmədiyiniz səbəblərdən bu qorxu formalaşıbsa və uşaq heç cür həkimə getmək istəmirsə, hətta xəstəxananın həyətinə çatdıqda artıq onda panika, həyəcan, “ağ xalat qorxusu”, isterik hallar baş verirsə bu zaman valideyn yaxşı olar ki, əvvəlcə özü həkim otağına yaxınlaşsın və vəziyyəti izah etsin. Əgər lazım gələrsə həkimdən ağ xalatını çıxarmağı və uşağı normal geyimdə qarşılamağı xahiş etsin. Belə olduqda, yəni həkimi normal geyimdə görəndən sonra uşaqda baş verən bu hallar bir az səngiməyə başlayar. Burada həkim seçimi də önəmli nüansı təşkil edir. Belə ki, valideynlər həkim seçimində həkimin təcrübəli olmasına, uşaqlarla dil tapa bilməsinə və s. kimi faktorlara diqqət etməlidirlər.

Qeyd etdiyimiz kimi, vaxtında psixoloq dəstəyi alınmazsa bu fobiya irəli yaşlarda, hətta normal bir şəxsiyyət kimi formalaşdıqdan sonra da insanlarda davam edə biləcək bir qorxu növüdür. Ona görə də valideynlər övladlarında bu halla rastlaşdıqda onu psixoloqa yönləndirməlidir. Psixoloq da bu qorxunun qaynağını müəyyən edərək uşaq üçün proqram hazırlamalıdır. Bu proqram və terapiyalar nəticəsində müəyyən zaman sonra uşaqlarda həkim, xəstəxana və iynə fobiyasını korreksiya etmək mümükündür.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

https://www.youtube.com/watch?v=8Kqg-y6zIP4

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!