Cəmiyyətdə öz aktuallığını itirməyən və daim müzakirə olunan mövzulardan bir də qısqanclıq və qısqanc insanlar haqqındadır. Təsadüfi deyil ki, bu barədə, yəni qısqanclığın psixoloji tərəfləri haqqında psixoloqlara da mütəmadi olaraq suallar ünvanlanır. Ən çox verilən suallar arasında “ Həyat yoldaşım çox qısqancdır, belə halda nə etməliyəm?”, “Qısqanclıq hansı səbəblərdən meydana çıxır, qısqanc insanlarla necə rəftar etmək lazımdır?” və ya “Yaxın dostum qısqancdır, bu bizim dostluq münasibətlərimizə mənfi təsir edir. Bu problemi necə həll edə bilərik?” kimi suallar üstünlük təşkil edir. Hətta bəzən evdə ata və ya ananın da övladını qısqandığını da müşahidə edirik.
Sual oluna bilər ki, “Qısqanclıq ən çox hansı insanalarda müşahidə olunur”- Qısqanclıq duyğusu şübhəçi dediyimiz, paranoyalı insanlarda, obsessiv-komplisiv pozuntudan əziyyət çəkən, narsist, özgüvənsiz, uşaq yaşlarında ağır travma almış, avtoritar ailə rejimində tərbiyələndirilmiş və davamlı müqayisə edilmiş insanlarda daha çox müşahidə olunur.
Qısqanclıq yalnız evli cütlüklər arasında deyil, qeyd etdiyimiz kimi ailədə, yaxın rəfiqələr və ya dostlar arasında da yaşana bilər. Rəfiqələr arasında geyim, saç düzümü və digər faktorlara görə, qısqanclıq yarana bilir. Məsələn: rəfiqəsinin geyimini və ya saç kəsimini bəyənməyən xanım növbəti dəfə onun etdiklərini təkrarlaya bilir. Eyniylə bu prosesə bəylər arasında da təsadüf olunur.
Qısqanclıq duyğusu daha çox özgüvənsizlik fonunda meydana çıxır. Əgər bir insan özünü zəif, yetərsiz görürsə belə insanlarda qısqanclıq duyğusu normadan artıq olur. Psixologiyada bu, “kölgə effekti” termini ilə ifadə olunur, xüsusən uşaq vaxtı daha çox tənqid edilən, etikləri qiymətləndirilməyən və davamlı müqayisə edilməyə məruz qalan insanalarda bu hallara daha çox rast gəlinir. Hətta bəzən bu qısqanclıq halları bəzi insanlarda ziyanvericilik dərəcəsinə qədər gələ bilir. Əslində qısqanclıq normal halda, yəni həddində olduqda heç bir problem yoxdur. Sağlam şəkildə qısqanclıq duyğusu, sağlam rəqabət insana daima irəliyə getmə gücü, motivasiya, verir. Ancaq həddi keçərsə və patalogiya halını alarsa bu təhlükəli vəziyyət deməkdir. Artıq hər xırda bir şeyə görə insanlar arasında qısqanclıq, konflikt yaranarsa bu sonda münasibətlərin pisləşməsinə gətirib çıxaracaqdır. Belə hallar vurğuladımız kimi, xəstəlik sayılır və bu xarakterdə insanların mütləq psixoloji yardım almaları vacibdir.
Belə insanlarla necə rəftar edək?- Bu tip insanlarla münasibətdə olan insanların çıxış yollarından biri belə stuasiyada onların dediklərinə tabe olmaq yerinə, daha çox reaksiya verməmək və sakit qarşılamaq lazımdır. Əksinə reaksiya gördükdə və əsəbi münasibətlə qarşılaşdıqda onlarda bu qısqanclıq duyğusu, xəstəlik halındadırsa daha da şiddətlənə bilir. Belə insanlar adətən, psixoloqa getməkdən və psixoloji yardım almaqdan qaçırlar. Ancaq, belə hallarda psixoloq dəstəyi vacib amillərdən biridir. Hətta bəzən nəinki psixoloq, eyni zamanda psixiatr dəstəyi də lazım olur. Əgər vəziyyət insanlarda patalogiya və nevrotik əlamətlər fonundadırsa bu zaman tək psixoloq dəstəyi ilə bunu korreksiya etmək çətin olacaqdır. Ona görə də psixoloqla paralel psixiatr müayinəsindən də keçilməlidir.
Qısqanclıq duyğusu öz normal dərəcəsindən artıq olduqda münasibətlərin, dostluqların, hətta ailələrin də dağılmasına, zərər görməsinə səbəb ola bilər. Ona görə də bu problemə kiçik yanaşıb onu gözardı etmək düzgün deyil. Belə hallarda vaxtında peşəkar psixoloq dəstəyi alınmasında fayda var.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova