Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Uşaqlarda çeynəmə problemi”

Uşaqlarda, xüsusilə kiçik yaşlı uşaqlarda çeynəmə çətinliyi tez-tez rast gəlinən problemdir. Valideynlər çox vaxt “ Övladım qidanı çeynəməkdə çətinlik çəkir, nə edə bilərəm?” və ya “Övladımda çeynəmə problemi var, bunun loqopedik müalicəsi varmı?”  bu tip suallar ünvanlaya bilirlər.

İlk öncə onu vurğulamaq lazımdır ki, çeynəmə əzəzləri aktiv olan uşaqların nitq inkişafları da normal olur. Yəni, çeynəmə əzələləri ilə nitq-danışıq aparatı arasında birbaşa əlaqə və aslılıq var. Uşaq nə qədər ki, sərt qidaları sərbəst şəkildə çeynəyərsə bu onun nitqi üçün faydalıdır, belə ki, bu uşaqlar səsləri, sözləri və s. doğru şəkildə tələffüz edəcək, səlis şəkildə cümlələr qura biləcəklər. Ona görə də çeynəmə problemi diqqətə alınması vacib bir problemdir.

Təsadüfi deyil ki, günümüzdə uşaqlarda “blender xəstəliyi” mütəmadi olaraq müşahidə edilir. Yəni, valideynlər uşaqlara qidaları rahat qəbul etmələri üçün çox vaxt blender vasitəsilə çəkib sıyıq və ya şirə şəklində verirlər. Bu formadan ən çox gec yemək yeyən, qida seçiciliyi olan və ya çeynəmə problemli övladları olan valideynlər istifadə edirlər. Bu şəkildə edərək uşağın qarnı tox və rahat olsun deyən valideynlər, fərqində belə olmadan əslində övladlarının fiziki inkişafına mane olurlar. Bunlar da nəticədə çeynəmə və bir çox problemlərin yaranmasına səbəb olur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qidaları davamlı bu şəkildə qəbul edən uşaqlarda digər uşaqlara nəzərən daha çox nitq qüsurları özünü göstərir. Ona görə də, valideynlər müəyyən vaxtdan sonra uşaqlara sıyıq, püre şəklində qidalar verməkdən çəkinməli və hətta sərt qidalar da verməlidirlər.

Uşaqlar, ümumiyyətlə 6-8 aydan etibarən, yəni dişləri çıxmağa başlayan zamandan sonra qidaları çeynəyə-çeynəyə yeməyə başlamalıdırlar. Təbiidir ki, 0-1 yaş aralığında ən çox ana südü qəbul edilir, ancaq bununla bərabər qeyd edilən vaxtdan sonra onlar yavaş-yavaş qidaları çeynəyərək yeməyə başlamalıdırlar. Həmçinin günümüzdə gigiyenik, həkim məsləhətli, çox gözəl şəkildə hazırlanmış rezin oyuncaqlar da var ki, onlar da uşaqların çeynəmə əzələlərinin inkişafına kömək edən vasitələrdən biridir. Artıq , 8-ci aydan xüsusi hazırlanmış, ağızda çeynənilə biləcək rezin oyuncaqların istifadəsi tövsiyə edilir.

Uşaqda ağzında yeməyi çox saxlamaq və çeynəmə zəifliyi varsa valideynlər zamanında defektoloq-loqopedə müraciət etməli və uşaq müayinə edilməlidir. Loqopedik seanslar, xüsusi loqopedik gimnastikalar və masajlar nəticəsində əzələri aktivləşdirmək lazımdır. Bu proseslərdən və qeyd etdiyimiz kimi, defektoloq-loqoped dəstəyi sayəsində uşaqlarda çeynəməni bərpa etmək olar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!