Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya günü kimi qeyd edir. Azərbaycan Respublikası 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulmuş və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra edir.
Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir. Xidmətin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri – temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır.
Artıq danılmaz faktdır ki, insanlar müxtəlif ekoloji və iqlim şəraitinə uyğunlaşmaq qabiliyyəti yüksək olsalar da, meteoroloji şəraitin dəyişməsinə qarşı həssasdırlar. Əslində insanlar havanın çox soyuq, çox isti, çox rütubətli və ya çox quru olduqda fərqinə varır və ondan təsirlənirlər. Ekstremal dəyərlər və hadisələr insan sağlamlığı, ətraf mühit və iqtisadiyyat üçün mühüm təsirlərə malikdir. Məsələn, həddindən artıq isti, günəş vurması və ya soyuqda, soyuq havada donma kimi hadisələrlə qarşılaşmaq mümkündür. İnsan üçün normal ola biləcək hava istiliyinin artması fizioloji gərginliyə, infarkt, digər xəstəliklərə və hətta ölümə səbəb ola bilər. Bu səsbəbdən də anormal hava şəraitində meteohəssas insanların daha çox evdə oturmaları və mümkün olmadıqca aşıq havaya çıxmaqları tövsiyə edilmir. Lakin bu təsir ,həm də, insanın fiziologiyasından, yaşından və digər səbəblərdən asılıdır. Eyni zamanda məsələnin burda psixoloji tərəflərini də vurğulamaq lazımdır. Həmçinin, ətrafımızdakı zavod tüstüləri, fabrik tullantıları və s.tərkibində zəhərli qazlar, bitki polenləri, göbələk sporları və digər zərərli maddələr var. Bunlar da öz növbəsində havanı çirkləndirir və insan sağlamlığına zərərli təsir göstərir.
Unutmaq olmaz ki, meteorologiya insan həyatının ayrılmaz hissəsidir!