“İstər təbiət hadisələri, təbii fəlakətlər, istərsə də kütləvi insan ölümü ilə nəticələnən yanğınlar, avtomobil və ya təyyarə qəzaları iqtisadi çətinlikləri ilə bərabər psixoloji təsirləri ilə də yadda qalır. Bu kimi hadisələr baş verdikdə insan təşvişə düşərək özünə nəzarəti, ətrafa nəzarəti itirir və kontrol edə bilmir. Belə halda insanın təhlükəsizliyi risk altında qalır və o ağır sarsıntı keçirərək “Nə edim?” və ya “Sağ qalmaq üçün nə edə bilərəm?” haqqında düşünməyə başlayır. Qeyd etmək lazımdır ki, hallar həm uşaqların, həm də böyüklərin psixologiyasına mənfi təsir edir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, qeyd olunan hallar insanlarda stress hallarının, panik atakların artmasına səbəb olur: “Xüsusən belə videolara, şəkillərə əhalinin həssas qrupundan olan uşaqların, hamilə qadınların, süd verən anaların və s. insanların baxması məsləhət görülmür. Yaşadığımız ağır stress halı bədənizimizə, orqanlarımıza da təsirsiz ötüşmür. Belə ki, mədə-bağırsaq sistemimizdə, ürək fəaliyyətində fəsadlar yarada bilir. Bu kimi stress hallarında insanların açıq havada gəzməsi, təmiz hava qəbul etməsi məsləhət görülür.
Bu tip hadisələrdə uşaqlara ilk hiss etdirilməli və aşılanmalı olan güvən duyğusu olmalıdır. Çünki belə proseslərin içində yer alan, bunları canlı şəkildə yaşayan uşaqlarda ilk növbədə qorxu, həyəcan-təşviş, panika kimi əlamətlər özünü biruzə verir. Daha sonra bu daxili gərginlik, itirmə qorxusu, yuxu pozulmaları, travma kimi fobik əlamətlər fonunda da özünü göstərir. Məsələn: yaxın çevrəsinin həmişə onunla birgə olmasını istəməsi, tez-tez ölümlə bağlı suallar ünvanlamaq, müəyyən müddət sonra tək qala bilməmək, həmişə valideynlərinin yanında olmasını istəməsi, əvvəllər tək oynayırdısa artıq bundan sonra oyun oynadıqda belə yanında kiminsə olmasını istəməsi və s. şəkildə müşahidə edilə bilər.
Həmçinin uşaqların baş vermiş fövqəladə hadisələrlər, zəzələ, daşqın və ya kütləvi insan tələfatı ilə nəticələnən yanğınlar, qəzalar və s. ilə bağlı əlavə məlumat alması, telefona, televizora baxması əsasən tövsiyə edilmir. Xüsusilə valideynlər onları qan, yaralı insanlar, psixoloji ağırlıqlı travmatik videolar izləyəməyə icazə verməməlidirlər. Bu uşaqların psixikasına, ələlxüsus həssas qrupdan olan uşaqlara mənfi təsir edəcəkdir.”