İlk öncə vurğulamaq lazımdır ki, xəstəliyin, xəstəlik dönəmini yaşayan uşaq və böyüklərin psixoloji vəziyyəti müxtəlif olur, xüsusən xərçəng xəstəliyindən əziyyət çəkən insanlarda bu vəziyyət daha həssas olur. Onlar həyatını itirə biləcəyinin, ölə biləcəyi riskinin daha yaxından fərqinə varırlar. Bu prosesə də hər kəs fərli reaksiya verə bilir, kimisi depressiyaya düşür, kimisi bunu qəbul etmək istəmir, kimi insanlarda həyəcan-təşviş və qorxular yaranır, bəzi insanlar isə əksinə mübariz ruhlu olur və əvvəlki sağlamlıqlarına qovuşmaq üçün bu xəstəliklə mübarizə aparmağa başlayırlar.
Ancaq uşaqlarda bu vəziyyət bir az fərqli olur, onlar xəstəliyin dərinliyini anlamadıqları üçün çox reaksiya vermirlər. Hətta, həkimə getmək istəmirlər, ağlayırlar. Bu hal xüsusilə həkim, iynə fobiyası olan uşaqlarda daha çox rast gəlinir. Bu vəziyyəti valideynlər yaxşı olar ki, uşağın psixoloji vəziyyətinə uyğun, onun anlayacağı bir dillə, zehnində həzm edə biləcəyi şəkildə izah etsinlər. Belə olduqda uşaqlar panikaya, qorxuya düşməz və bu mərhələni valideynlərinin dəstəyi ilə aşa bilərlər. Eyni zamanda uşağın xoşbəxt olacağı bir mühit yaratmaq lazımdır. Ailəsi, yaxınları onu tək qoymamalı və onunla birlikdə vaxt keçirməli, müəyyən dərəcədə onun sevdiyi şeyləri etməyə çalışmalıdırlar.
Xəstəliklə bağlı edilən yanlışlardan biri də, xərçəng diaqnozu qoyulan istər böyüklərə, istərsə də uşaqlara bunun deyilməməsi, bəzən gizlədilməsidir. Bu sonradan həmin şəxsin bunu öyrəndikdən sonra ağır depressiya keçirməsinə, motivsiyadan düşməsinə səbəb ola bilər. Ancaq bildirmək lazımdır ki, bu düzgün yanaşma deyil. Əksinə bunu bildirməli və o xəstələrə motivasiya verməli, bu xəstəliyin mübarizəsində onların yanında olmaq lazımdır. Bütün xəstəliklərdə insan psixikası, psixo-emosional vəziyyəti ən önəmli faktorlardan biridir ki, bu xərçəng xəstəliyində xüsusi hissəni təşkil edir. Bu zaman xəstənin qidalanması, ətraf mühit, sosial çevrəsi də artıq yavaş-yavaş məhdudlaşmağa başlayır. Bütün bunlar onlara həm fiziki, həm də psixoloji təsir edir. Belə ki, xərçəng xəstəliyi ilə mübarizə aparan xəstələrin psixoloji sağlamlığı, xəstəlik dönəmində, özgüvəni, sağalacağına inamı müalicələr zamanı ən vacib nüansı təşkil edir.
Steress, panika, həyəcan-təşviş, fobiya və digər əlamətlər müşahidə olunan xərçəng xəstələrinin zamanında psixoloqa yönləndirilmələrində fayda var. Həkim müalicələri ilə paralel ixtisaslaşmış fərdi klinik psixoloq dəstəyi də alınması xəstəliklə mübarizə dönəmində onlara kömək olacaqdır.
Uca Tanrıdan bütün xəstələrə şəfa diləyirəm!
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova